Hərbi Akademiyada məzunların buraxılış mərasimi keçirilib
Bakı, 25 iyun, AZƏRTAC
Silahlı Qüvvələrin Hərbi Akademiyasında məzunların növbəti buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasimin açılışında Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Sonra ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Buraxılış mərasimində Hərbi Akademiyanın rəisi, general-leytenant Heydər Piriyev müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təbrikini şəxsi heyətə çatdırıb və geniş məruzə ilə çıxış edib.
Sonra H.Piriyev və polkovnik Murad Həmidov tərəfindən məzunlara diplomlar və döş nişanları təqdim olunub.
Tədbirin sonunda strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursunu, eləcə də əməliyyat-taktiki fakültəsini yüksək nəticələrlə bitirmiş dinləyicilər akademiyanın yaş kötüyünə xatirə lövhəsini vurublar.