İqlim dəyişmələrinin Yer kürəsinə təsirini əks etdirən xəritə yaradılıb
Bakı, 20 fevral, AZƏRTAC
Norveçin Bergen Universitetinin alimləri tərəfindən yaradılan yeni xəritədə iqlim dəyişmələrinin Yer kürəsinə təsiri əks olunub. Bunun üçün əsas götürülmüş bitkilərin həssaslıq indeksi (Vegetation Sensitivity Index, VSI) bitkilər aləminin iqlim dəyişmələrinə reaksiyasını göstərir.
AZƏRTAC “nat-geo.ru” saytına istinadla xəbər verir ki, həmin tədqiqatın nəticələri nüfuzlu “Nature” elmi nəşrində dərc olunub.
Alimlər 2000-2014-cü illər üçün peyk məlumatlarından istifadə edərək, havanın temperaturu, sudan istifadə imkanları, buludların əmələ gəlməsi və sair göstəricilərin dinamikasını təhlil ediblər. Böyük Səhra və ya Antarktida kimi ucsuz-bucaqsız barsız ərazilərdən başqa ayrılıqda götürülən hər bir 5 kvadratkilometr quru sahəsi üçün hesablamalar aparılıb.
Alimlərin ərsəyə gətirdikləri xəritədə iqlim dəyişmələrinin Yer kürəsinin bitki örtüyünə təsiri əyani göstərilib. Bu təsirin minimum olduğu sahələr, məsələn, Şimali Amerikanın cənub hissəsi, Qərbi Avstraliya və Cənubi Amerikanın cənub-şərq hissəsi həmin xəritədə yaşıl rənglə qeyd olunub. Cənubi Amerika qitəsinin şimal-qərb hissəsi, əksinə, tünd qırmızı rənglə qeyd olunub ki, bu da iqlim dəyişmələrinin ekoloji sistemə ciddi təsir göstərməsinə dəlalət edir.
Skandinaviya yarımadasının şimal hissəsi, Okeaniya adaları, Çin, Yaponiyanın bir hissəsi və planetimizin digər yerləri də qırmızı rənglə işarələnib.
Elmi işi yekunlaşdıran müəlliflər bildirirlər ki, ekoloji baxımdan həssas regionlarda tundradan tutmuş tropik meşələrədək ən müxtəlif bitkilərlə təmsil olunub. Tədqiqat davam etdiriləcək.