İraq-Azərbaycan Dostluq Cəmiyyəti əsir düşmüş əsgərlərimizə verilən işgəncə ilə bağlı bəyanat yayıb
Bakı, 24 aprel, AZƏRTAC
İraq-Azərbaycan Dostluq Cəmiyyəti Ermənistana əsir düşmüş iki azərbaycanlı əsgərə verilən işgəncə ilə bağlı bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanat İraqın “Mustaqbil”, “Elamin news”, “Alnahar news” və digər mətbuat orqanlarında dərc olunub.
Bəyanatda deyilir ki, Ermənistanda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin dərc etdiyi şəkillər və video çarxlar iki Azərbaycan əsgərinin işgəncələrə və qeyri-insani rəftara məruz qaldığını açıq şəkildə göstərir. Bununla da Ermənistanın 1949-cu il Cenevrə Konvensiyası və digər beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini kobud şəkildə pozur, beynəlxalq hüquqa etinasız yanaşır, humanizmə zidd addımlar atır. Azərbaycanlı əsgərlərin vəhşicəsinə döyülməsi Ermənistanda dini və etnik ayrı-seçkiliyin bütün formalarda mövcudluğunu ortaya qoyur.
Bəyanatda Ermənistanın bu hərəkəti pislənilir və beynəlxalq təşkilatlardan əsir götürülmüş əsgərə qarşı törədilən cinayətə münasibət bildirmək tələb olunub. Beynəlxalq təşkilatlar, həmçinin 30 ilə yaxın Ermənistanın Azərbaycanın torpaqlarını işğal altında saxlaması, 3890 nəfər hərbi və mülki şəxsin itkin düşməsi faktlarına da münasibət bildirməlidirlər.
Qeyd edək ki, portalların yaydıqları fotolarda Azərbaycan əsgərinin yaralı erməni hərbçisinə yardım etdiyi, ermənilərin isə əsgərimizə qarşı zorakılığı əksini tapır. Bu, bir daha Azərbaycanın yardımsevər ölkə olduğunu, Azərbaycan əsgərinin isə düşmənə qarşı olsa belə ləyaqətlə davrandığını, ermənilərin isə hər zaman olduğu kimi, burada da öz məkrli niyyətlərini açıq şəkildə ortaya qoyduqlarını göstərir.