“İvanovkada velosipedlər və gəzinti marşrutları” layihəsi uğurla tamamlanıb
Bakı, 22 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin keçirdiyi 2-ci Qrant müsabiqəsinin qalibi "İvanovkada velosipedlər və gəzinti marşrutları" layihəsi icra olunub.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində İsmayıllı rayonunun İvanovka kəndində turizm infrastrukturunun inkişafı məqsədilə turizm sahəsində fəaliyyət göstərən 3 ailəyə ümumilikdə 16 ədəd velosiped təmin edilib.
Layihə çərçivəsində təqdim olunan velosipedlər yerli əhali tərəfindən həm kəndə gələn turistlərə, həm də yerli sakinlərə icarəyə verilməsi üçün nəzərdə tutulub. Velosiped icarəsi xidmətini həyata keçirəcək şəxslər üçün müvafiq təlimlər təşkil olunaraq onların xidmətgöstərmə bacarıqları artırılıb.
Layihənin digər komponentləri çərçivəsində isə kəndin qədim yolu olan “Viluşka yolu” turistik piyada gəzinti (haykinq) marşrutu kimi nişanlanıb, istiqamət və məlumatverici lövhələr quraşdırılıb. Bu marşrut kənd mərkəzini Aşıqbayramlı gölü ilə birləşdirən 4 kilometrlik piyada yolunu əhatə edir.
Bundan əlavə, turizm infrastrukturunun gücləndirilməsi məqsədilə kənd ərazisində ümumilikdə 5 ədəd xüsusi piknik masası quraşdırılıb. Bu infrastruktur yenilikləri həm turistlərin, həm də yerli sakinlərin təbiətdə istirahət imkanlarını daha da yaxşılaşdıracaq.
Layihə Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə keçirilib.