“Kubernetes” proqram təminatının işləmə prinsipi ilə bağlı araşdırmalar aparılır
Bakı, 12 iyul, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda “Kubernetes” proqram təminatının işləmə prinsipi ilə bağlı araşdırmalar aparılır.
Bu barədə AZƏRTAC-a İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Səməd Dursunov məlumat verib.
O, “Kubernetes” proqram təminatının işləmə prinsipindən danışıb. Qeyd edib ki, “Kubernetes” (K8s) - konteynerləşdirilmiş tətbiqlərin idarə edilməsi üçün açıq mənbəli proqram təminatıdır. K8s bu tətbiqlərin klaster mühitində yerləşdirilməsini, miqyaslanmasını və əlaqələndirilməsini avtomatlaşdırır, “Docker” daxil olmaqla əsas konteynerləşdirmə texnologiyalarını dəstəkləyir. “Kubernetes” sistemi proqramların yerləşdirilməsinin, miqyasının, eləcə də idarə edilməsinin avtomatlaşdırılması məqsədilə istifadə olunur. Onun sözlərinə görə, 2014-cü ildə “Google” tərəfindən ilk versiyası çıxan bu proqram təminatı öz tətbiqləri üçün “Go” proqramlaşdırma dilində hazırlanıb.
“Kubernetes”in üstünlüklərindən bəhs edən tədqiqatçı bildirib ki, bunlara xidmətlərin monitorinqi və yükün balanslaşdırılması, saxlama orkestri, avtomatik yerləşdirmə, avtomatik yük paylanması, özünə nəzarət, məxfi məlumatların və konfiqurasiyanın idarə edilməsi və s. aiddir.