Kür çayının aşağı axınında mühüm dəyişiklik müşahidə olunmayıb
Bakı, 17 aprel, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-130, Kiçik Qafqazın çaylarında 70-130, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-60 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən xəbərə görə, aprelin 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 395 kubmetr olmaqla ongünlük normanın 53 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 142 kubmetr olmaqla ongünlük normanın 85 faizini təşkil edir.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Araz çayının Novruzlu məntəqəsində 5 santimetr artım, Şirvanda 2, Bankədə 1 santimetr azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 408, Şirvanda 279, Salyanda 222, Bankədə 192, Araz çayının Novruzlu məntəqəsində isə 110 santimetr təşkil edir.