Kür və Araz çaylarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır
Bakı, 4 noyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə oktyabr ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişdir.
Monitorinqin nəticəsinə əsasən, oktyabr ayının III ongünlüyündə Kür çayında suyun sərfinin oktyabr ayının II ongünlüyünə nisbətən 19 kubmetr/saniyə azalaraq 148 kubmetr/saniyə təşkil etdiyi müəyyən olunmuşdur.
ETSN-dən AZƏRTAC-a verilən məlumata görə, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir. Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 4, mis birləşmələri 3, Ağstafaçay məntəqəsində və Ağstafaçay su anbarında isə fenollar 2, mis birləşmələri 3 dəfə normadan artıq olmuşdur.
Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 7,50 kubmetr/saniyə olmuşdur. Horadiz məntəqəsində fenollar 3, mis birləşmələri 2, I Şahsevən məntəqəsində fenollar 2, mis birləşmələri 3, Bəhramtəpə məntəqəsində isə fenol və mis birləşmələri 3 dəfə YVQH-ni keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə sanitar norma daxilində dəyişmişdir.