Kür və Araz çaylarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır
Bakı, 2 dekabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə noyabr ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişdir.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, noyabr ayının III ongünlüyündə Kür çayında suyun sərfi noyabr ayının II ongünlüyünə nisbətən 6 kubmetr/saniyə azalaraq 107 kubmetr/saniyə təşkil etmişdir.
Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən - fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində fenol və mis birləşmələri 3, Ağstafaçay məntəqəsində fenollar 4, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 4, mis birləşmələri 2 dəfə normadan artıq olmuşdur.
Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi noyabr ayının III ongünlüyündə 27,6 kubmetr/saniyə təşkil etmişdir. Horadiz məntəqəsində fenollar 4, mis birləşmələri 3, I Şahsevən məntəqəsində fenollar 4, mis birləşmələri 2, Bəhramtəpə məntəqəsində isə fenollar 3, mis birləşmələri 2 dəfə YVQH-ni keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə sanitar norma daxilində dəyişmişdir.