Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb
Bakı, 22 avqust (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə avqust ayının ikinci ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.
Nazirlikdən AZƏRTAC-a bildirdilər ki, avqust ayının ikinci ongünlüyündə Kür çayında suyun sərfi avqust ayının birinci ongünlüyünə nisbətən 1.5 m3/san artaraq 66.6 m3/san təşkil edib.
Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.
Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4.6, Ağstafaçayda 3.9, Ağstafaçay su anbarında isə 3.7 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
Avqust ayının ikinci ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadizdə fenollar 3.3, I Şahsevəndə 4, Bəhramtəpədə isə 3.1 dəfə YVQH-ni keçib. Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.62-6.00 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.