Lənkəran-Astara bölgəsində axan çaylarda suyun səviyyəsində artım qeydə alınıb
Bakı, 25 yanvar, AZƏRTAC
Ötən günlər ərzində Lənkəran-Astara bölgəsində yağan intensiv yağış nəticəsində bu ərazidən axan çaylarda suyun səviyyəsində artım qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-170, Kiçik Qafqazın çaylarında 100-190, Lənkəran-Astara bölgəsi çaylarında isə 300-400 faizini təşkil edir.
Belə ki, yanvarın 25-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 150 m3/s olmaqla ongünlük normanın 96 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 88 m3/s olmaqla, ongünlük normanın 131 faizini təşkil edir.
Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Şirvanda 6, Salyanda və Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində isə 1 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 440 sm, Şirvanda 327 sm, Salyanda 280 sm, Bankədə 229 sm, Araz çayının Novruzlu məntəqəsində isə 183 sm təşkil edir.