Lənkəranda iki uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib
Lənkəran, 8 may, İlkin Adıyev, AZƏRTAC
Lənkəran şəhərində 3 və 7 saylı körpələr evi-uşaq bağçaları əsaslı təmirdən sonra istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxışlardan sonra mərasim iştirakçıları bağçalarda yaradılan şəraitlə yaxından tanış olublar.
Məlumat verilib ki, Lənkəran şəhər 3 saylı uşaq körpələr evi-uşaq bağçası 90, 7 saylı körpələr evi-uşaq bağçası 225 yerlikdir. Təhlükəsizlik məqsədilə müşahidə kameraları qurulub. Bağça azyaşlı sakinlərin zövqünə uyğun dizayn edilib, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün əlvan rəngli inventarla təchiz olunub, müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, rəsm, idman və musiqi zalları, yeməkxana əsaslı təmir edilib, balacaların təlim-tərbiyəsi ilə məşğul olmaq, həmçinin onlarda bacarıq və istedadları aşkarlamaq üçün hərtərəfli şərait yaradılıb.
Hər iki bağça ilə tanışlıqdan sonra balaca fidanlar rəngarəng rəqs nömrələri ilə çıxış ediblər.