Lənkəranın kənd yollarına asfalt döşənir
Lənkəran, 28 iyul, Bağır Əliyev, AZƏRTAC
Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Lənkəran rayonunda çox mühüm sosial əhəmiyyətli yol layihələri həyata keçirilir. Son bir neçə ildə rayonda reallaşdırılmış 7 iri maliyyə tutumlu yol layihəsindən sonra koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, növbəti yol layihəsinin icrasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihəyə əsasən rayonda 39 mindən çox əhalinin yaşadığı 16 kənddə ümumi uzunluğu 38 kilometr olan yollara asfalt döşənəcək, yollar boyunca abadlıq, səliqə-sahman işləri görüləcək.
Rayonun dənizsahili ərazisindən başlanmış asfaltlanma işləri hazırda Sutəmurdov və Velədi kəndlərində davam etdirilir.
Kənd sakinləri koronavirus pandemiyasının bütün dünyada tüğyan etdiyi bir vaxtda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.