Liderlik Məktəbində ekoloji hüquqlarla bağlı tədbir olmuşdur
Bakı, 6 dekabr (AZƏRTAC). Ombudsman Aparatından AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin nəzdində fəaliyyət göstərən Liderlik Məktəbində insan hüquqları üzrə müvəkkilin təşəbbüsü ilə ekoloji hüquqların təmini və müdafiəsi ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə ombudsman Elmira Süleymanova fəaliyyətində digər hüquqlarla yanaşı, ekoloji hüquqların müdafiəsinin də mühüm yer tutduğunu, bu sahədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə sıx əməkdaşlıq əlaqələrinin yaradıldığını diqqətə çatdırmışdır. Ombudsman Aparatının nazirlik ilə birgə ölkəmizdə biomüxtəlifliyin bərpası, təbii resursların mühafizəsi, əhalinin ekoloji təfəkkürünün və mədəniyyətinin daha da inkişaf etdirilməsi və s. istiqamətdə silsilə tədbirlər, seminarlar, sərgilər təşkil etdiyi bildirilmişdir.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ölkəmizin və Bakının yaşıllaşdırılması, ekoloji mühitin sağlamlaşdırılmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, məhz onun təşəbbüsü və tapşırığı ilə vaxtilə paytaxtda salınmış parkların, xiyabanların əhalinin istirahət məkanına çevrildiyini, bu sahədə siyasətin ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır. H.Bağırov nazirliyin fəaliyyəti, müvafiq qanunvericilik, “Ekologiya ili” çərçivəsində həyata keçirilmiş tədbirlər, layihələr haqqında ətraflı məlumat vermişdir.
Tədbirdə qərara alınmışdır ki, Ombudsman təsisatı və ETSN-in dəstəyi ilə Liderlik Məktəbi yetirmələrinin milli parklara və qoruqlara səfərləri təşkil edilsin.