MDB MÜŞAHİDƏÇİLƏRİ: UKRAYNADA PREZİDENTSEÇKİLƏRİ MİLLİ SEÇKİ QANUNVERİCİLİYİNƏ UYĞUN KEÇİRİLMİŞDİR
MDB missiyasının bəyanatında deyilir: “Müstəqil Dövlətlər Birliyinin beynəlxalq müşahidəçilərinin fikrincə, 2004-cü il oktyabrın 31-də Ukrayna prezidenti seçkiləri mütəşəkkil, vətəndaşların yüksək fəallığı şəraitində keçmişdir. Seçkilərə hazırlıq zamanı və səsvermə keçirilərkən ayrı-ayrı seçki komissiyalarının, habelə seçkiqabağı təbliğat aparılarkən prezidentliyə namizədlərin yol verdikləri və qeydə alınmış nöqsanlar seçicilərin öz iradəsini azad ifadə etməsinə əhəmiyyətli dərəcədə təsir göstərməmişdir”.
Mətbuat konfransında həmçinin bildirilmişdir ki, MDB müşahidəçiləri ilkin rəylərini ancaq öz müşahidələri, uzunmüddətli və qısamüddətli müşahidələr prosesində topladıqları faktik material və məlumatları araşdırmaq əsasında, digər beynəlxalq təşkilatların müşahidəçiləri ilə konstruktiv qarşılıqlı fəaliyyət zamanı əldə etdikləri informasiyanı nəzərə alaraq vermiş və çıxarmışlar.
MDB müşahidəçiləri öz fəaliyyətində Ukrayna Konstitusiyasını və “Ukrayna Prezidentinin seçkiləri haqqında” qanunu, “MDB dövlətlərində demokratik seçkilərin, seçki qaydaları və azadlıqlarının standartları haqqında” Konvensiyanı və seçkilərə aid digər hüquqi aktları əsas tutmuşlar.
MDB müşahidəçiləri missiyasının işi haqqında ətraflı hesabatı missiyanın rəhbəri MDB-də qəbul olunmuş qaydalara və prosedura uyğun olaraq, Birlik dövlətlərinin başçılarına təqdim edəcəkdir.