MƏKKƏYƏ İKİ MİLYONDAN ÇOX ZƏVVAR GƏLMİŞDİR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Məkkənin baş “Beyt ül-Həram” məscidində 127 darvazanın hamısı açılmışdır. Burada 700-dən çox qapıçı zəvvarlara fasiləsiz xidmət göstərir. Onların 450 nəfərindən çoxu Ramazan ayı ilə bağlı işə xüsusi olaraq götürülmüşdür. Qadınlar üçün nəzərdə tutulmuş xüsusi darvazaların yanında 133 xidmətçi qadın növbə çəkir.
Məscidə giriş qapılarında ikirəngli işıqforlar qoyulmuşdur. Yaşıl işıq zəvvarları məscidə dəvət edir, qırmızı işıq isə bu və ya digər girişdə basırıq yarandıqda zəvvar axınını dayandırır. Xidmətçilər basırığın qarşısını almaq üçün işıqforun siqnallarına riayət olunmasına nəzarət edirlər. Üç fövqəldarvaza - ”Bab əs-Səlam” (Sülh darvazası) , “Bab Ərəfat” (Ərəfat dağının darvazası) və “Bab bəni Haşim” (Məhəmməd Peyğəmbərin (s) mənsub olduğu Haşimilər qəbiləsinin darvazası) zəvvarların məsciddən çıxmalarını yüngülləşdirmək məqsədi daşıyır.
Ümumi sahəsi 300 kvadratmetrdən çox olan məscidin iki yuxarı və iki aşağı mərtəbəsini birləşdirən 7 iri eskalator səhər saat 10-dan növbəti günün sübh namazınadək fasiləsiz işləyir.
Bütün dünyada “Beyt ül-Həram” kimi nadir bəzəkləri olan və buraya gələnlər üçün ideal rahatlıq yaradılmış ikinci belə kompleks yoxdur. Hazırda milyon yarım adamın bir-birinə mane olmadan ibadət etməsi üçün məscidin bütün hücrələri açılmışdır. Onların hər biri müəzzinin səsucaldanla ətrafa yayılan səsini yaxından eşidir.
Məscidə girə bilməyən zəvvarlar isə 20 metr hündürlüyündə bayır divarlarının yaxınlığındakı orta əsrlərə aid naxışlarla bəzədilmiş meydançalarda ibadət edirlər.