MİNGƏÇEVİRDƏ BİZNES-FORUM KEÇİRİLMİŞDİR
Biznes-forum iştirakçıları Aran iqtisadi rayonunda fəaliyyət göstərən şirkətlərin məhsulları və xidmətləri sərgisi ilə tanış olmuşlar.
İqtisadi inkişaf naziri Fərhad Əliyev ölkəmizdə iqtisadiyyatın daha da inkişaf etdirilməsi, son illər sahibkarlığa diqqətin artırılması, bu sahənin dövlət tərəfindən dəstəklənməsi istiqamətində görülən işlərdən danışmışdır. Nazir Azərbaycan Prezidenti İlham Əliyevin respublikamızın iqtisadiyyatının inkişafına göstərdiyi qayğıdan danışmışdır. Forumda qeyd edilmişdir ki, son iki ildə Aran iqtisadi rayonu üzrə sahibkarlığın inkişafı məqsədi ilə 40 layihəyə 8,4 milyard manat güzəştli kredit verilmiş, bu layihələrin həyata keçirilməsi nəticəsində 900-ə yaxın yeni iş yeri açılmışdır. Dövlət Proqramının qəbul edilməsindən keçən müddət ərzində Aran iqtisadi bölgəsində 13 mindən çox, Yuxarı Qarabağ iqtisadi rayonunda isə 2 mindən artıq yeni iş yeri yaradılmışdır.
Tədbirdə Sahibkarlara Kömək Milli Fondu vəsaitlərinin istifadəsi üzrə seçilmiş müvəkkil kredit təşkilatları nümayəndələrinin iştirakı ilə kredit yarmarkası keçirilmişdir. İqtisadi inkişaf naziri Fərhad Əliyev çıxış edərək, bu tədbirin sahibarlığın inkişaf etdirilməsinin sürətləndirilməsinə və yeni iş yerlərinin yaradılmasına, sahibkar-bank əlaqələrinin möhkəmləndirilməsinə təsirindən danışmış, kredit yarmarkasının işinə uğurlar arzulamışdır.
Geniş fikir mübadiləsindən sonra regiondan olan sahibkarların kredit təkliflərinə baxılmış və yerindəcə müvafiq qərarlar qəbul edilmişdir. Mingəçevir şəhəri, Bərdə, Göyçay, Ucar, Yevlax, Ağdaş, Yuxarı Qarabağ rayonlarına kreditlərin ayrılması müəyyənləşdirilmişdir. Kreditləşdirilən layihələrdən altısı iri və orta həcmlidir. Bu layihələr üçün 1 milyard 295 milyon manat vəsait ayrılacaqdır. İri layihələrin həyata keçirilməsi regionda 160-dan çox yeni iş yerinin açılmasına imkan verəcəkdir. 49 layihə üçün isə mikrokreditlər ayrılmışdır. Bu kreditlərin ümumi məbləği 1 milyard 105 milyon manatdır. Həmin layihələr isə 130 iş yerinin açılmasına səbəb olacaqdır.
Ümumiyyətlə 55 sahibkara 2,4 milyard manat güzəştli kredit verilməsi barədə qərar qəbul edilmişdir.