NAXÇIVANLILAR XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİNİ ANMIŞLAR
Naxçıvan, 26 fevral (AZƏRTAC). Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar Naxçıvan şəhərindəki xatirə kompleksində anma mərasimi keçirilmişdir.
Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə qeyd olunmuşdur ki, iyirminci əsrdə Xocalı faciəsindən əvvəl Xatın, Sonqmi, Lidiçe və Babi Yar yaşayış məntəqələri də eyni aqibətə uğramış, alman faşistləri tərəfindən yer üzündən silinmiş və sakinləri məhv edilmişdir. Lakin onlar ermənilərin törətdiyi Xocalı fasiəsi ilə müqayisə oluna bilməz. Bu soyqırım miqyasına və böyüklüyünə görə onların hamısından daha dəhşətli, daha müdhişdir. Təsadüfi deyildir ki, ümummilli lider Heydər Əliyev bu soyqırımını bütün bəşəriyyətə qarşı tarixi cinayət adlandırmışdı.
Bu faciə qabaqcadan düşünülmüş qaydada, milli əlamətlərinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədildiyinə görə beynəlxalq hüquqa əsasən soyqırım kimi qiymətləndirilir. Ümummilli liderimizin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Milli Məclisi bu məsələni geniş müzakirə etmişdir. Ulu öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının tanınması istiqamətində yorulmaq bilmədən çalışır, bu sahədə ardıcıl iş aparır. Ölkə başçısının səyi nəticəsində Avropa Şurasında ilk dəfə olaraq Ermənistan təcavüzkar tərəf kimi tanınmış, Azərbaycan torpaqlarının işğal olunması faktı Avropa Şurası Parlament Assambleyasının rəsmi sənədlərində öz əksini tapmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə gül qoymuş, Xocalı şəhidlərinin xatirəsini ehtiramla yad etmişdir.
Anma mərasiminin iştirakçıları da abidə önünə qərənfillər düzmüş, Xocalıda XX əsrin ən amansız cinayətlərindən birini törədən erməni faşistlərinin vəhşiliklərinin qurbanı olmuş yüzlərlə günahsız soydaşımızın xatirəsini yad etmişlər.
######
