Neftçalada əsas kapitala yönəldilən vəsait 2,8 dəfə artıb
Neftçala, 9 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Cari ilin yanvar-iyun aylarında Neftçalada iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 24 milyon 958,5 min manat vəsait yönəldilib ki, onun da 24 milyon 483,7 min manatı və ya 98,1 faizi dövlət sektorunun, 474,8 min manatı və ya 1,9 faizi isə qeyri-dövlət sektorunun payına düşüb. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə rayonda əsas kapitala investisiya qoyuluşu 15 milyon 887,9 min manat və ya 2,8 dəfə artıb.
Neftçala Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumat görə, əsas kapitala yönəldilmiş vəsaitlərin 24 milyon 784,4 min manatı və ya 99,3 faizi tikinti quraşdırma işlərinə sərf edilib. Tikinti quraşdırma işləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 16 milyon 844,3 min manat və ya 3,1 dəfə artıb.
2023-cü ilin yanvar-iyun aylarında 8 milyon 471,3 min manatlıq əsas fondlar istifadəyə verilib. Hesabat dövründə əhalinin şəxsi vəsaiti hesabına 2392,8 kvadratmetr sahəyə malik 396,8 min manat dəyərində 18 fərdi yaşayış evi tikilib.
2023-cü ilin yanvar-iyun aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri 4 milyon 873,3 min manat təşkil edib. Cari ilin yanvar-iyun ayları ərzində tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 8,7 faizi tikinti-yenidənqurma, 16,2 faizini əsaslı təmir, 10,3 faizini cari təmir, 64,8 faizini isə sair işlər təşkil edib.