Neftçalada ümumi məhsul istehsalının həcmi 5,4 faiz artıb
Neftçala, 10 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Cari ilin yanvar-iyun aylarında Neftçalada istehsal olunmuş ümumi məhsulun həcmi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artaraq 178 milyon 902,5 min manat olub.
Neftçala Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, istehsal sahələrinin ümumi məhsulda xüsusi çəkisi 73,5 faiz, xidmət sahələrinin payı isə 26,5 faiz səviyyəsində olub. Cari ilin əvvəlindən əhalinin hər nəfərinə düşən ümumi məhsulun həcmi 2 min 62,8 manata bərabər olub və əvvəlki ilin eyni dövrünə nisbətən 13,7 faiz artıb.
Ümumi məhsul istehsalının 36 milyon 606,2 min manatı, yaxud 20,5 faizi kənd təsərrüfatının, 70 milyon 187,9 manat və ya 39,2 faizi meşə təsərrüfatı və balıqçılığın, 24 milyon 784,4 min manat və ya 13,9 faizi tikintinin, 1 milyon 640,6 min manat, yaxud 0,9 faizi nəqliyyat və anbar təsərrüfatının, 700,2 min manat və ya 0,4 faizi informasiya və rabitənin, 44 milyon 983,2 min manat, yaxud 25,1 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsinin payına düşüb.