Oksford Universiteti: “AstraZeneca” vaksini koronavirusun Britaniya ştammına qarşı səmərəli vasitədir
Bakı, 6 fevral, AZƏRTAC
Oksford Universitetindən verilən məlumata görə, bu universitetin əməkdaşları tərəfindən COVID-19-a qarşı yaradılmış “AstraZeneca” vaksini hazırda bütün ölkəni bürümüş Britaniya ştammına qarşı səmərəli vasitədir.
AZƏRTAC xəbər verir ki, bu vaksinlə bağlı tədqiqatlar onun koronavirusun digər ştammları ilə mübarizə üçün də eyni dərəcədə səmərəli olduğunu göstərib.
Oksford vaksininin tədqiqatçılar qrupunun rəhbərlərindən biri - Endrü Pollar deyib: “Birləşmiş Krallıqda apardığımız sınaqlar nəticəsində məlum olub ki, bu vaksin həm pandemiyanın başlanğıcındakı virusdan, həm də onun yeni variantından qoruyur”.
İlk dəfə sentyabrın axırlarında Cənub-Şərqi İngiltərədə aşkar edilmiş Britaniya virusunun daha yoluxucu variantı o vaxtdan bəri çox geniş yayılıb. Yeni ştamm bir sıra başqa ölkələrdə də aşkar edilib.
Lakin virusun bütün dünyada, o cümlədən Cənubi Afrikada aşkar edilmiş bir neçə başqa variantına qarşı bu vaksinlərin nə dərəcədə təsirli olacağı hələ aydın deyil.
Oksford Universitetində tədqiqat qrupunun rəhbəri Sara Hilbert deyib: “Biz gözləyirdik ki, pandemiyanın davam etdiyi müddətdə virusların yeni variantları geniş yayılacaq və vaksinin yeni versiyasını yaratmaq lazım gələcək”.
Xatırladaq ki, Azərbaycan COVAX layihəsi çərçivəsində 506.400 doza “AstraZeneca” vaksini alacaq. Bu vaksinlərin Azərbaycana göndərilməsi fevralın axırlarında başlanacaq.