Ölkəmizdə “Partlayıcı sursatlara dair Avropa-2023” seminarı keçirilir
Bakı, 12 iyul, AZƏRTAC
Ölkəmizdə “Partlayıcı sursatlara dair Avropa-2023” seminarı keçirilir.
Seminar, Böyük Britaniyanın təhlükəsizlik məsələləri ilə bağlı tədbirlərin keçirilməsi sahəsində ixtisaslaşmış “lnteligence-Sec” şirkəti tərəfindən hər il dünyanın müxtəlif ölkələrində təşkil edilir. Qeyd olunan seminar Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə tərəfdaşlıq əsasında həyata keçirilir.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələrinin, 40-a yaxın beynəlxalq ekspertin iştirak etdiyi tədbir, partlayıcı sursatların təmizlənməsində əməliyyat metodologiyaları, təlim imkanları, müxtəlif ölkələrin təcrübəsinin öyrənilməsi və əməkdaşlıqların möhkəmləndirilməsi baxımında əhəmiyyətli rola malikdir.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Poladov tədbirdə çıxış edərək, partlayıcı sursatlara dair beynəlxalq seminarın bilik və təcrübə mübadiləsi, bu sahədə yeni həll üsullarının tətbiqi ilə dünyada təhlükəsiz mühitin yaradılması istiqamətində vacib platforma olduğunu qeyd edib.
Eyni zamanda, Agentliyin İdarə rəisi Ramil Əzizov ölkəmizdə mövcud mina problemini, təmizləmə metodologiyalarını, habelə humanitar minatəmizləmə fəaliyyəti ilə əlaqəli şəkildə aparılan bərpa və yenidənqurma fəaliyyətini əks etdirən prezentasiya təqdim edib.
Seminarda keçirilən panel müzakirələrdə minatəmizləmə əməliyyatları zamanı yaranan çətinliklərin aradan qaldırılmasında yeni yanaşmaların tətbiqi, keyfiyyətli və səmərəli nəticələrin əldə olunması və mümkün dəstək imkanları istiqamətində fikir mübadilələri aparılıb. Mina təhlükəsi ilə mübarizə sahəsində Azərbaycanın səyləri və təşəbbüslərinin minalarla çirklənmiş ölkələr üçün əhəmiyyətli olduğu vurğulanıb.
Tədbirin iyulun 13-də Füzuli rayonunda keçirilməsi nəzərdə tutulub. Səfər çərçivəsində nümayəndələr Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işləri, eləcə də minatəmizləmə əməliyyatları ilə tanış olacaqlar.