Paytaxtın Ziya Bünyadov prospektində asfalt-beton işlərinə başlanmışdır VİDEO
Bakı, 10 aprel (AZƏRTAC). Bakı şəhərində yenidənqurma işlərinin aparıldığı Ziya Bünyadov prospektində asfalt-beton örtüyünün salınmasına başlanmışdır.
Bu barədə AZƏRTAC-a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən bildirmişlər. Qeyd olunmuşdur ki, prospektin ümumi uzunluğu 9,2 kilometr təşkil edir və “Xutor” adlanan dairədən “Böyük Şor” dairəsinədək ərazidə yerləşir.
Asfalt-beton örtüyünün salınması torpaq işləri ilə paralel aparılacaqdır. Artıq burada işlərin 70 faizi başa çatdırılmışdır. Bununla yanaşı, prospektin kənarında yeni bordürlərin salınması davam edir.
Yenidənqurma işləri çərçivəsində prospektdə hərəkət zolaqlarının sayı 4-dən 10-na çatdırılacaqdır. Burada, həmçinin dörd yerüstü piyada keçidinin tikintisi də planlaşdırılır.
Tikinti işlərin cari il ərzində yekunlaşdırılması nəzərdə tutulmuşdur.