İQTİSADİYYAT
Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 26,3 milyard manatlıq məhsul satılıb
Bakı, 12 iyul, AZƏRTAC
2023-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 26,3 milyard manatlıq, o cümlədən 14,8 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyri-ərzaq malları üzrə 4,2 faiz artıb.
Cari ilin birinci yarısında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 52 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının, 12,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub. 2023-cü ilin birinci yarısında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib.
2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2023-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 0,1 faiz, fərdi sahibkarlar üzrə 4,1 faiz, bazar və yarmarkalarda 4,2 faiz artıb. Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 432,5 manatlıq, o cümlədən 244 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 188,5 manatlıq qeyri-ərzaq malları alıb.