Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 5 santimetr azalıb
Bakı, 24 aprel, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-120, Kiçik Qafqazın çaylarında 60-130, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-50 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, aprelin 24-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 366 kubmetr olmaqla ongünlük normanın 51 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 367 kubmetr olmaqla ongünlük normanın 52 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 132 kubmetr olmaqla ongünlük normanın 74 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 127 kubmetr təşkil edərək ongünlük normanın 71 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda 16, Salyanda 21, Bankədə 18, Araz çayının Novruzlu məntəqəsində isə 2 santimetr azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 376 (2016-cı il aprelin 24-də 416 sm), Şirvanda 267 (2016-cı il aprelin 24-də 293 sm), Salyanda 190 (2016-cı il aprelin 21-də 227 sm), Bankədə 174 (2016-cı il aprelin 21-də 191 sm), Araz çayının Novruzlu məntəqəsində isə 78 santimetr (2016-cı il aprelin 21-də 115 sm) təşkil edir.