Qanunsuz qum-çınqıl daşınması faktı müəyyənləşib
Bakı, 31 iyul, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı İmişli rayonunun Xubyarlı kəndi ərazisindən və Füzuli rayonu Horadiz-Zəngilan avtomobil yolunun yaxınlığındakı təpəlik sahədən qanunsuz olaraq qum-çınqıl daşındığı müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı qum-çınqıl qarışığının Füzuli rayonunda İmişli rayon sakini Cavid Fərzəliyev tərəfindən ekskavatorla qazılaraq “KamAZ” markalı 11-BG-634 və 17-BF-224 dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə ərazidən çıxarıldığı, İmişli rayonunda isə Yevlax rayon sakini İlham Məhərrəmov tərəfindən daşındığı məlum olub.
Faktlarla bağlı akt, protokol tərtib olunub və qanuna müvafiq tədbirlər görülüb. Nəqliyyat vasitələrinin sürücülərinin kimliyini müəyyənləşdirmək üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.