Qarabağ gəncləri üçün debat müsabiqəsinə start verilib
Bakı, 5 fevral, AZƏRTAC
“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının, “Böyük Qayıdış” Gənclər Təşkilatının tərəfdaşlığı ilə Qarabağ bölgəsindən olan gənclər üçün "”e-Qayıdış” debat müsabiqəsini həyata keçirəcək.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin açılış mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin deputatı, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev, Milli Məclisin deputatları Ceyhun Məmmədov, Vüqar Bayramov, Şahin Seyidzadə, “Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvü, Qarabağ qazisi Əhliyyət Mehdiyev çıxış ediblər.
“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova müsabiqənin məqsədinin Prezident İlham Əliyevin “Böyük Qayıdış başlayır” ifadəsinin gənclər tərəfindən dəstəklənməsi, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq və yerli platformalarda gənclərin təmsil olunması üçün Qarabağ gəncləri arasında natiqlik mədəniyyətinin inkişaf etdirilməsi, onların qərarvermə proseslərində, ictimai aktuallıq kəsb edən məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakının təmin edilməsi olduğunu vurğulayıb.
İntiqam Babayev Azərbaycanda ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb, debatların gənclərin inkişafında mühüm rol oynadığını deyib.
Tural Gəncəliyev tarixən Qarabağ bölgəsində natiqlik mədəniyyətinin yüksək olduğunu, bu bölgənin yetişdirdiyi mütəfəkkirlərin tariximizdəki rolunu qeyd edib. O, qarabağlı gənclər üçün keçirilən bu müsabiqənin onların natiqlik bacarıqlarının, Qarabağ haqqında biliklərinin artmasına şərait yaradacağını vurğulayıb.
“Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvü, Qarabağ qazisi Əhliyyət Mehdiyev Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədə gənclərin rolundan, qəhrəmanlığından, həmçinin gənclərimizin milli ruhda inkişafı üçün debat layihələrinin həyata keçirilməsinin vacibliyindən danışıb.
Fevral-aprel aylarını əhatə edəcək müsabiqəyə Qarabağ bölgəsindən olan gənclər qatılacaqlar. Seçiləcək 66 gənc üçün peşəkar debat və natiqlik təlimləri, tərəfdaş və ekspertlərlə görüşlər, debatlar təşkil ediləcək.