QARSİA MARKESİN YENİ ROMANI BÜTÜN SATIŞ REKORDLARINI GERİDƏ QOYMUŞDUR
Əsərin çap olunduğu “Random Hauz Mondadori” nəşriyyatının rəhbərlərindən biri Rikkardo Kavalyerinin sözlərinə görə, məşhur yazıçının romanı rekord tirajla - bir milyon nisxə buraxılmışdır (bundan əvvəl həmin müəllifin xatirələr kitabı da rekord sayda - 800 min tirajla nəşr olunmuşdu). Bir həftə ərzində romanın 400 min, o cümlədən İspaniyada 225 min nüsxəsi satılmışdır.
“Random Hauz Mondadori”nin nümayəndəsi demişdir ki, Qarsia Markesın yeni romanının nəşri bütün dünyada əks-səda doğurmuşdur. Dünyanın hər yerindən nəşriyyata zəng vuraraq, romanın digər dillərdə nə vaxt nəşr ediləcəyi ilə maraqlanırlar.
Kavalyero bildirmişdir ki, nəşriyyat kitaba görünməmiş tələbatı ödəmək üçün tirajın qalan hissəsini tezliklə çap edəcəkdir.
İspaniya və Latın Amerikası ədəbi tənqidi Qarsia Markesin on illik ağır xəstəliyi ilə bağlı fasilədən sonra meydana çıxmış yeni romanını çox yüksək qiymətləndirir. Tənqidçilər yekdilliklə qeyd edirlər ki, 77 yaşlı yazıçı yaradıcılığının başlıca mövzusuna - məhəbbətə həsr olunmuş gözəl əsər yaratmışdır.
Roman təntənəli təqdimat mərasimindən cəmi bir həftə əvvəl cap olunmağa başlasa da, onun satışı gözlənilənləri qat-qat ötüb keçmişdir. Halbuki, romanın bundan əvvəl Kolumbiyadakı gizli nəşri qanuni nəşrdən bir neçə dəfə ucuz, cəmi 5 avroya satılır.
Nobel mükafatı laureatının naşirləri bildirmişlər ki, hazırda yazıçı xatirələrinin 2-ci kitabı üzərində işləyir və çoxdan başladığı 4 hekayədən ibarət “Avqustda görüşərik” kitabını tamamlamaq üzrədir.