Qəbələdə gənclər təmizlik aksiyası keçiriblər
Qəbələ, 12 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq-Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsi ətraf mühitin qorunması ilə bağlı tədbirlərə də xüsusi yer ayırır.
Qurumdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bölmə tərəfindən təşkil olunan “Zirvəyə doğru – Laza yayı” adlı düşərgə müddətində gənclər Laza kəndinin ərazisində turizm baxımından əlverişli olan sahədə təmizlik aksiyası keçirib, böyük bir ərazini tullantılardan təmizləyərək ekoloji və sosial məsuliyyət nümayiş etdiriblər.
Gənclərin inkişafı, şəbəkələşməsi və asudə vaxtlarını səmərəli keçirməsinə yönələn düşərgədə, həmçinin iştirakçıların şəxsi inkişafı və özünü tanıması üçün açıq hava diskussiyaları, qrup tapşırıqları, komanda işi və kommunikasiya bacarıqlarını gücləndirən idman və enercayzer oyunları təşkil olunub.
Düşərgənin təşkil edilməsində məqsəd gənclərin fiziki, intellektual və sosial bacarıqlarını inkişaf etdirmək və sağlam həyat tərzini təşviq etməkdir.