Qışın birinci ayında hava şəraiti iqlim normasına uyğun olacaqdır
Bakı, 30 noyabr (AZƏRTAC). Qışın birinci ayında hava şəraiti normaya uyğun, bəzi yerlərdə isə normadan 1-2 dərəcə yüksək olacaqdır. Respublika ərazisində yağıntının səviyyəsi qeyri-bərabər bölünəcək, bütövlükdə iqlim normasına yaxın, bəzi bölgələrdə normadan yuxarı olacaqdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirmişlər ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur +7-9 dərəcə (gecə 4-8 dərəcə, gündüz 10-13 dərəcə), yağıntının səviyyəsi normaya yaxın (24-34 mm) olacaqdır.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur 0-4 dərəcə (gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, ayrı-ayrı günlərdə 5-10 dərəcə şaxta, 7-12 dərəcə isti, bəzi günlər +1 dərəcəyədək azalacaq), yağıntının səviyyəsi normaya yaxın (14-35 mm) olacaqdır.
Yuxarı Qarabağ, İstisu-Laçın, Daşkəsən-Gədəbəydə orta aylıq temperatur 0-3 dərəcə (gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, bəzi günlər 3 dərəcəyədək şaxta), yağıntının səviyyəsi normaya yaxın (27-53 mm) olacaqdır.
Qazax-Gəncə, Ağdam-Füzuli-Cəbrayıl zonasında orta aylıq temperatur +4-6 dərəcə (gecə 1-5 dərəcə, gündüz +7-12 dərəcə, bəzi günlər 1 dərəcə şaxtayadək azalacaqdır), yağıntının səviyyəsi normaya yaxın (13-16 mm) olacaqdır.
Balakən-Şəki-Qəbələ, Şamaxı-İsmayıllı, Quba-Qusar-Xaçmazda orta aylıq temperatur +1-4 dərəcə isti (gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz +5-9 dərəcə, bəzi günlər - 1 dərəcə şaxtaya enəcəkdir), yağıntının səviyyəsi normaya yaxın (24-48 mm), bəzi yerlərdə normadan artıq olacaqdır.
Mərkəzi aran rayonlarında orta aylıq temperatur +6-8 dərəcə isti (gecə +2-5 dərəcə, gündüz +10-14 dərəcə) ), yağıntının səviyyəsi normaya yaxın (16-32 mm), bəzi yerlərdə normadan artıq olacaqdır.
Masallı-Lənkəran-Astarada orta aylıq temperatur +6-9 dərəcə isti (gecə +3-6 dərəcə, gündüz +10-14 dərəcə, bəzi günlər 4 dərəcə isti), yağıntının səviyyəsi normaya yaxın (58-106 mm) olacaqdır.