RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI NAZİRLİYİNDƏ DOQQUZ AYIN NƏTİCƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, nazir Əli Abbasov tədbiri açmış və bildirmişdir ki, bu ilin ötən dövrü ərzində iqtisadiyyatımızın bütün sahələrində olduğu kimi, rabitədə də böyük uğurlar əldə olunmuşdur. Həmin müddətdə ölkənin rabitə sisteminin dünya standartları səviyyəsində qurulması, müasir texnologiyaların tətbiqi əsas vəzifə kimi qarşıya qoyulmuş, bütün sahələrdə irəliləyiş hiss olunmuşdur. İnformasiya-kommunikasiya texnologiyaları sahəsindəki iqtisadi artım 35,7 faiz təşkil etmiş, büdcəyə əvvəlcədən ödəmələr həyata keçirilmiş, özəl sektorun payı davamlı olaraq artmışdır. Texniki modernləşmə sayəsində genişzolaqlı İnternetə çıxış təkmilləşdirilmiş, rəqəmsal televiziyanın sınaq yayımına başlanılmış, televiziya və radio verilişlərinin yayım sahəsi və keyfiyyəti yaxşılaşdırılmış, poçt haqqında qanun qəbul edilmiş, Dövlət proqramı hazırlanıb Prezidentin təsdiqinə göndərilmişdir.
Nazir söyləmişdir ki, ötən doqquz ayda rabitəçilərin sosial-rifah halının yaxşılaşdırılması sahəsində xeyli iş görülmüş, maaşlar 15-20 faiz artırılmışdır.
Rabitə və informasiya texnologiyaları naziri Aparatının rəhbəri Vidadi Zeynalov doqquz ayın yekunları haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, sahə üzrə əldə olunan gəlirlərin ümumi həcmi 1 trilyon 139 milyard manat təşkil etmiş, dövlət büdcəsinə proqnozda nəzərdə tutulan 63,5 milyard manat əvəzinə 76,8 milyard manat, Dövlət Sosial Müdafiə Fonduna isə 13,9 milyard manat əvəzinə 19,4 milyard manat vəsait ödənilmişdir. Doqquz ay ərzində dövlət sektoruna 50 milyard manat, özəl sektorun inkişafına isə 247 milyard manat sərmayə yatırılmışdır.
Tarif siyasətinə də xüsusi diqqət yetirilmiş, İnternetdən, radiotezliklərdən, radio-televiziya yayımından, beynəlxalq telefon danışıqlarından, şəhərlərarası kanallardan istifadə tarifləri aşağı salınmışdır. Doqquz ay ərzində 742 yeni iş yeri açılmışdır.
Sonra əhalinin müraciət və şikayətləri də müzakirə olunmuş, söylənilmişdir ki, şikayətlərin sayı ötən illə müqayisədə 363 ədəd azalmışdır.
Radio və video konfrans rabitəsinin köməyi ilə respublikanın əksər bölgələrinin rabitə şöbələri yığıncağı izləmişlər.