ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİNDƏ XOCALI FACİƏSİNİN 18-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLMİŞDİR
Bakı, 26 fevral (AZƏRTAC). Şirvan Apellyasiya Məhkəməsində Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.
Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Şirvan Apellyasiya Məhkəməsinin sədri Qürbət Əsgərov tədbiri açaraq Xocalı soyqırımının Azərbaycan xalqının tarixində ən dəhşətli faciələrdən biri olduğunu bildirmişdir. Demişdir ki, XX əsrin sonunda baş vermiş kütləvi qırğın öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş qanlı cinayətdir. Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türklərə və Azərbaycanlılara qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi. Ayrı-ayrı dövlətlərin maraqları çərçivəsində cərəyan edən məkrli siyasətlə erməni millətçiləri xalqımızın mübarizə əzmini qırmaq, onu tarixi torpaqlarının işğalı faktı ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin düşmənlərimizin niyyətləri baş tutmamış, xalqımız öz suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə yüksək iradə və qəhrəmanlıq nümunəsi göstərmişdir. Məhz ümummilli liderimizin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini almışdır. Soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür. Hazırda Azərbaycan dövləti və cəmiyyəti öz inkişafında yüksəliş dövrünü yaşayır. Azərbaycan iqtisadi inkişaf sürətinə görə dünyada lider mövqelərə çıxmışdır. Ölkəmiz regional və beynəlxalq enerji layihələrinin əsas iştirakçısı və təşəbbüskarıdır. Bu gün artıq bir sıra beynəlxalq təşkilatlar, nüfuzlu dövlətlərin rəhbərləri, parlamentləri Ermənistanın işğalçı dövlət olduğunu açıq şəkildə bəyan edirlər.
Təcavüzkar Ermənistan özünü bütün regional layihələrdən kənarda qoymuş, hərtərəfli təcrid olunmuşdur. Bütün bunlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində bizim gücümüzün və uğurlarımızın əsasıdır.
Məhkəmə hakimləri və əməkdaşları çıxışlarında XX əsrin əvvəllərindən başlayaraq ermənilərin Azərbaycana qarşı daim ərazi iddiaları irəli sürdüklərini, işğalçılıq, etnik təmizləmə siyasəti yeritdiyini bildirmiş, beynəlxalq ictimaiyyətin bir çox hallarda bu hadisələrə biganə qaldıqlarını təəssüflə qeyd etmişlər.
Natiqlər Xocalı həqiqətlərini əks etdirən çoxsaylı bukletlərin, videomaterialların dünya ölkələrində yayılmasında Heydər Əliyev Fondunun rolunu xüsusi vurğulamışlar.