Sumqayıt kimyaçılarının növbəti ekoloji layihəsi
Sumqayıt, 25 noyabr (AZƏRTAC). ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin Sumqayıtda həyata keçirdiyi çoxsaylı ekoloji layihələr arasında məktəblilər üçün təşkil edilən tədbirlər xüsusi yer tutur. Bu günlərdə “Azərikimya” İB kimyaçıların Üzeyir Hacıbəyli adına Mədəniyyət Sarayında şəhərin gənc ekoloqlarının və məktəbəqədər müəssisələrdə tərbiyə alan uşaqların iştirakı ilə tədbir keçirmişdir. Şəhərdəki “Təfəkkür” liseyində fəaliyyət göstərən “Qaranquş” gənc ekoloqlar dərnəyi bu layihədə fəal iştirak etmişdir.
Kimyaçıların “Hörümçək toru” adlanan növbəti ekologiya layihəsi iki hissədən ibarət idi. Tədbir iştirakçıları təbiətdə baş verən mühüm prosesləri dərk etmək imkanı verən maraqlı bir oyuna qatılmışlar. Uşaqlar təbiətin müxtəlif komponentlərinin rəmzi olan rəngli yumaqları bir-birinə atmaqla dünyada hər şeyin qarşılıqlı olmasını başa düşmüşlər, Yağış və külək, qar və günəş hava ... - bir sözlə, təbiətdə baş verən bütün hadisələr vahid zənciri, hörümçək torunu xatırladır. Bu sistemdə bircə telin qırılması ekoloji fəlakətə səbəb ola bilər.
“Qaranquş” dərnəyinin gənc ekoloqları bu maraqlı oyundan sonra kağız istehsalı prosesini nümayiş etdirdilər. Adi oduncaq parçası uşaqların gözləri qarşısında kağıza çevrildi. Bu prosesin hər bir mərhələsini böyük maraqla izləyən uşaqlar çox dəyərli məlumatlar əldə etdilər. Ekoloji tərbiyə məsələləri üzrə işçi qrupun rəhbəri Sima Şahmalıyeva tədbir iştirakçılarına müraciətlə dedi ki, ölkəmizdə meşələr azdır, buna görə hər kəs kiçik yaşlarından kağızla səliqəli davranmalı, ona qənaət etməlidir.
Kimyaçılar tədbirin ən fəal iştirakçılarına suvenirlər bağışladılar, kimyaçıların Üzeyir Hacıbəyli adına Mədəniyyət Sarayının “Turanə” rəqs kollektivinin çıxışları isə uşaqlara xoş əhval-ruhiyyə bəxş etdi.
Gənc ekoloqların “Qaranquş” dərnəyi 2005-ci ildə Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (QTZ) “Almaniya və Qafqazın tərəfdaş şəhərlərinin əməkdaşlığı” proqramı çərçivəsində yaranmışdır. Almaniyanın Lüdviqshaven şəhəri ilə Sumqayıtı möhkəm dostluq və tərəfdaşlıq münasibətləri bağlayır. Almaniyalı tərəfdaşlar Sumqayıtda bir sıra tədbirlər, o cümlədən ekoloji istiqamətli layihələr həyata keçirmişlər. S.Şahmalıyeva AZƏRTAC-ın müxbiri ilə söhbətdə qeyd etmişdir ki, “Azərikimya” İstehsalat Birliyi rəhbərliyinin böyüməkdə olan nəslin ekoloji tərbiyəsi məsələlərinə xüsusi diqqət yetirməsi sevindirici haldır.
######
