TƏHSİL NAZİRİ AVSTRİYADA RƏSMİ SƏFƏRDƏ OLMUŞDUR
Respublikamızın Vyanadakı səfirliyindən AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, oktyabrın 26-da M.Mərdanov Azərbaycan səfirliyində bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə görüşərək, onların problemləri ilə yaxından tanış olmuş, bunların həlli üçün bütün imkanlardan istifadə ediləcəyini bildirmişdir.
Nazir Bakının N.Nərimanov rayonundakı 82 nömrəli orta məktəblə əməkdaşlıq edən Vyananın 5-ci rayonundakı orta məktəbdə də olmuşdur. Məktəbin direktoru Andrea Valax Azərbaycanla dostluq əlaqələrindən, Bakıdakı məktəblə əməkdaşlıq münasibətlərinin yaranma tarixindən danışmış, ötən il Bakıda olan avstriyalı müəllimlərin Vyanaya xoş təəssüratla qayıtdıqlarını söyləmişdir. M.Mərdanov məktəbin müəllim və şagirdləri ilə söhbət aparmış, siniflərə baş çəkərək bəzi dərslərdə iştirak etmişdir.
Nümayəndə heyətinin Avstriyanın təhsil, elm və mədəniyyət naziri Elizabet Gererlə görüşündə təhsil sahəsində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi yolları, Avstriyada təhsil alan azərbaycanlı tələbələrin problemlərinin həlli imkanları müzakirə olunmuşdur. Xanım Gerer azərbaycanlı tələbələrin problemlərinin həlli imkanlarının araşdırılacağını bildirmişdir. Nazirlər təhsil sahəsində gələcək əməkdaşlığın həm ikitərəfli Avstriya və Azərbaycan münasibətləri, həm də Aİ proqramları çərçivəsində aparılması barədə fikir mübadiləsi etmiş, ali məktəblər səviyyəsində ixtisasların qarşılıqlı tanınmasına dair anlaşma memorandumu imzalamışlar. Tərəflər bu memorandumun təhsil sahəsində əlaqələrin inkişafına töhfə verəcəyinə əmin olduqlarını vurğulamışlar.
M.Mərdanov Vyana Universitetinin prorektoru Artur Mettinger ilə də görüşmüşdür. Görüş zamanı təhsil sahəsindəki yeniliklər və aparılan islahatlar barəsində ətraflı məlumat mübadiləsi aparılmışdır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə Vyana Universiteti arasında əməkdaşlıq əlaqələrinin qurulması məqsədi ilə iki təhsil ocağı arasında əməkdaşlıq protokolunun layihəsi Avstriya tərəfinə təqdim edilmişdir.