TÜRKİYƏ RESPUBLİKASININ 9-CU PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB SÜLEYMAN DƏMİRƏLƏ
Əlamətdar yubileyiniz – anadan olmağınızın 80 illiyi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Siz dərin məzmunlu ömrünüzü büsbütün doğma Türkiyənin rifahına, Atatürk ideallarının təntənəsinə həsr etmisiniz. Bu böyük yolda Siz möhkəm dəyanət, yenilməz iradə və qətiyyət nümayiş etdirərək, ağır məhrumiyyətlərdən və mübarizələrdən keçmiş, öz əqidənizdən və inamınızdan heç zaman dönməmisiniz.
Yola saldığımız əsrin ikinci yarısından başlayaraq, Sizin adınız dünya siyasətindədir. Siz ən yeni tariximizin siyasət olimpinin zirvəsinədək ucalmış nəhəng simalarından birisiniz.
Türk dünyasının oyanışı və tərəqqisi, türkdilli dövlətlərin birliyi və inkişafı naminə səyləriniz Sizin tarix qarşısındakı böyük missiyanızın təməl prinsiplərinin ifadəsidir.
Sizin qəlbiniz həmişə Azərbaycanla döyünür. Azərbaycanın dövlət müstəqilliyinə, Azərbaycan-Türkiyə dostluğunun möhkəmlənməsinə dəstəyiniz, ölkələrimiz arasında əməkdaşlığın hərtərəfli inkişaf etdirilməsində, dövlətlərarası münasibətlərimizin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlməsində xidmətləriniz əvəzsizdir.
Müstəqilliyə qədəm qoyduqdan bəri ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması, ölkəmizin ərazi bütövlüyünün qorunması naminə dəyişməz mövqeyiniz, ardıcıl fəaliyyətiniz xalqımız tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanacaqdır.
Bu gün dünyanın ən perspektivli iqtisadi layihələrindən biri sayılan, tikintisi artıq son mərhələyə qədəm qoymuş Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin gerçəkləşməsi yolunda ümummilli liderimiz Prezident Heydər Əliyev ilə Sizin çiyin-çiyinə, birgə mübarizəniz, qarşıya çıxan hər cür maneələri aşmaq üçün göstərdiyiniz mətanət, əzmkarlıq və fədakarlıq sayəsində biz əfsanəni reallığa çeviririk.
Uzun illər boyu atam Prezident Heydər Əliyev ilə Sizi möhkəm dostluq, qardaşlıq münasibətləri birləşdirmişdir. Bu münasibətlər əsl dostluğun gücünü, qüdrətini bariz anladan canlı örnəkdir, bizim üçün bütün ailəmiz üçün çox dəyərlidir.
Əziz Süleyman Dəmirəl,
Bu əlamətdar gündə bir daha öz təbriklərimi yetirir, Sizə, ömür-gün dostunuz hörmətli Nəzmiyə xanıma möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və uğurlar diləyirəm.
Səmimiyyətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 27 oktyabr 2004-cü il.