Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir
Bakı, 29 avqust, AZƏRTAC
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının Protokolunun müddəalarına əsasən, Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının İnspeksiya və Qiymətləndirmə Baş İdarəsinin rəisi, briqada generalı Faruk Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Türkiyə nümayəndə heyəti Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi, general-mayor Zakir Ağayev ilə görüşüb.
Tərəflər əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, əlaqələrin daha da inkişaf etdirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.