Türkiyə terrorla mübarizədə qətiyyətlidir
İzmir, 3 aprel , AZƏRTAC
Son günlər qardaş Türkiyədə törədilən terror aktları ölkə ictimaiyyəti tərəfindən hiddətlə qarşılanıb. Terror aktlarının yenidən alovlanmasının səbəbləri ölkə mediasında cavabı axtarılan əsas suala çevrilib. Əslində isə XIX əsrin sonlarından başlayaraq Osmanlı dövlətini cənginə alan erməni terrorizmi fərqli ictimai-siyasi vəziyyətlərə uyğun olaraq öz forma və metodlarını tez-tez dəyişsə də, uzunmüddətli fasilə ilə xarakterizə olunmayıb.
XX əsin sonlarında isə Türkiyə yeni bir terror dalğası olan Kürt Fəhlə Partiyasının (PKK) qanlı fəaliyyəti ilə üz-üzə dayanıb. Terrorçu PKK-nın yaranması və genişlənməsində erməni terrorizminin təcrübəsindən və imkanlarından geniş istifadə olunub, onların arasında təcrübə mübadiləsi, eləcə də imkanlardan qarşılıqlı faydalanmaq davam etməkdədir.
Yanvarın 7-də Sultan Əhməd meydanında polis qüvvələrinə qarşı edilən hücum bir neçə gün əvvəl İstanbul Ədalət Sarayında və Əminiyyət Müdirliyi qarşısında davam etdirilib. Araşdırmalar göstərir ki, Türkiyədə terror aktlarının genişlənməsi qarşıdan gələn parlament seçkilərini pozmaq, turizm sektoruna zərbə vurmaq, insanları qorxutmaq, eləcə də ölkədə vətəndaş sülhü siyasətini heçə endirmək niyyəti güdən təcavüz formasıdır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, yuxarıda sadaladığımız hər üç terror aktı məhz xarici turistlərin daha sıx olduqları məntəqələrdə törədilib. Terror aktlarının araşdırılması ilə məşğul olan prokurorların, müstəntiq və hakimlərin hədəfə alınması Vətənin bütövlüyü və dövlətçiliyə sədaqətli olan insanlarda xof və qorxu yaratmağa hesablanıb. Lakin prokuror Mehmet Selim Kirazın dəfn mərasimindəki izdiham bir daha nümayiş etdirdi ki, Türkiyə xalqı şəhidlərin adını həmişə uca tutur. Bu ölkədə insanları Vətənin bütövlüyü və dövlətçilik yolundan döndərmək mümkünsüzdür.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Əhməd Davudoğlu və digər rəsmi şəxslər törədilən qanlı terror hadisələrinə kəskin reaksiya veriblər. Əlbəttə, terrorçuluqla mübarizədə təkcə rəsmi şəxslərin bəyanatları ilə kifayətlənmək olmazdı. Məlum olduğu kimi, son günlər Türkiyənin hüquq-mühafizə orqanları terrorçu qrupların zərərsizləşdirilməsi üçün geniş əməliyyatlar keçiriblər. Bu anti-terror əməliyyatları nəticəsində DHKP-C terror qruplaşmasına bağlılığı ehtimal olunan 29 nəfər saxlanılıb. Bundan başqa, İzmir polis idarəsi ikisi dərnək olmaqla, 11 ünvanda eyni vaxtda əməliyyat keçirib. Xüsusi təyinatlı polis dəstələrinin iştirak etdiyi əməliyyatlar nəticəsində 5 nəfər saxlanılıb. Axtarış zamanı DHKP-C qruplaşmasına aid sənədlər, məhkəmə qərarı ilə qadağan olunmuş nəşrlər və 30 patron aşkarlanıb. Əməliyyatlar çərçivəsində daha üç nəfərin axtarışda olduğu bildirilir. Antalyada keçirilən əməliyyatlarda 19, Eskişəhərdə isə 5 nəfər saxlanılıb.
Bu sıraya terrorçuların təslim olması prosesini də əlavə edərək deyə bilərik ki, Türkiyə terrorla mübarizədə qətiyyətlidir.
Ən son məlumatlara görə, Şırnak vilayətində daha yeddi PKK-çının hökumət qüvvələrinə təslim olması ilə 2013-cü il martın 21-dən indiyədək silahı yerə qoyan terrorçuların sayı 613-ə çatıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qətiyyətlə bəyan edib ki, silahların təhvil verilməsi hər hansı bir şərt daxilində ola bilməz və silah kölgəsində sülh olması mümkün deyil.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İzmir