Üçrəngli bayrağımız dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir
Bakı, 8 noyabr, AZƏRTAC
Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində Dövlət Bayrağı Günü münasibətilə “Azərbaycan Respublikasının dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir” mövzusunda tədbir keçirilib.
İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə qonaqlar Mərkəzin “Muzey” bölməsində ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək ümummilli liderin əziz xatirəsini yad ediblər.
Tədbir Vətən uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanıb.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova çıxış edərək bildirib ki, üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası istiqamətində ilk təşəbbüs ulu öndər Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrə təsadüf edir. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ümummilli Liderin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpası, onun muxtar respublikanın bayrağı kimi qəbul olunması haqqında qərarı müstəqillik tariximizin şanlı səhifələrindən biridir. Respublikamızın Prezidenti İlham Əliyevin bayrağımızın uca tutulması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışan Təravət Muradova vurğulayıb ki, dövlətimizin başçısının 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncam imzalaması, 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının açılış mərasimində iştirak etməsi dövlətimizin başçısının Azərbaycan Respublikasının rəmzlərinə və atributlarına nə qədər hörmətlə yanaşdığının və dəyər verdiyinin əyani sübutudur.
Tədbirdə digər çıxış edənlər də üçrəngli bayrağımızın 70 ildən sonra yenidən göylərə yüksəlməsindən, başımızın üstündə daha əzəmətlə dalğalanmasından qürurla danışıblar. Bildirilib ki, bayrağımız dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir.
Tədbirdə ali məktəb tələbələri üçrəngli bayrağımızın, bayraq gününün əhəmiyyətindən söhbət açıblar.
Dövlət Bayrağı Gününə həsr olunmuş filmin nümayişi və Dövlət İncəsənət Gimnaziyasının Xoreoqrafiya şöbəsinin rəqs kollektivinin ifasında konsert proqramı maraqla qarşılanıb.