CƏMİYYƏT
“Vahid Sağlamlıq” konsepsiyasının təşviq edilməsi ilə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlığa başlanılıb
![“Vahid Sağlamlıq” konsepsiyasının təşviq edilməsi ilə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlığa başlanılıb](/files/2023/2/1200x630/16891525595146752629_1200x630.jpg)
Bakı, 12 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Vahid Sağlamlıq” konsepsiyasının təşviq edilməsi ilə bağlı müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığa başlayıb və bununla bağlı Tədbirlər Planı hazırlanır. AZƏRTAC xəbər verir ki, bunu AQTA sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında deyib.
AQTA sədri qeyd edib ki, “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası “Vahid Sağlamlıq” konsepsiyasını aktuallaşdırıb və artıq bu konsepsiya günümüzün qaçılmaz tələbinə çevrilib.
Vurğulanıb ki, agentlik eyni zamanda, biotəhlükəsizlik məsələlərinə diqqəti artırmış, aidiyyəti dövlət orqanları ilə birlikdə biotəhlükəsizliyin təmin olunması istiqamətində tədbirlər görülür.
Q.Təhməzli bildirib ki, kürü məhsullarının Avropa İttifaqına ixracının artırılması istiqamətində agentlik tərəfindən Milli Monitorinq Planı hazırlanıb və Avropa İttifaqına göndərilib. Sözügedən sənəd layihəsi Avropa İttifaqı Komissiyasının 2023-cü il 8 mart tarixli 2023/514 saylı sənədinin əlavəsindəki siyahıya daxil edilib və beləliklə, akvakulturada yetişdirilən kürü məhsullarının Avropa İttifaqına ixracına icazə verilib.
AQTA sədri, həmçinin deyib ki, agentlik fəaliyyətə başladığı gündən etibarən əhali arasında sağlam qidalanmanın təşviqi ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirib və bu istiqamətdə tədbirlər davam etdirilir. Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda xüsusi elmi komitə yaradılmaqla sağlam qidalanmaya dair “İstehlakçıların əl kitabı” və “Sağlam qidalanma təqvimi” hazırlanacaq. Agentliyin internet saytında, mobil tətbiqində və sosial şəbəkə hesablarında xüsusi bölmələr yaradılacaq.
Azyaşlıların şəkərdən asılılığını azaltmaq, şəkərə olan tələbatının daha təbii yolla qarşılanması məqsədilə 2023-cü ilin fevral ayından etibarən “Məktəblilər üçün kişmiş pilot layihəsi”nin icrasına başlanılıb. Layihədən Bakı şəhəri Səbail rayonunun 50, 91 və 329 saylı məktəblərinin ibtidai siniflərindən ümumilikdə 337 şagird yararlanıb.