Veteran təşkilatlarının sədrləri ilə görüş keçirilib
Bakı, 5 fevral, AZƏRTAC
Fevralın 5-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Bakının rayonlarının və işğaldan azad edilən rayonların paytaxtda fəaliyyət göstərən veteran təşkilatlarının sədrləri ilə görüş keçirilib.
Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əbədi xatirəsinin bir dəqiqəlik sükuta yad edilməsi ilə başlayan tədbirdə Təşkilatın sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova çıxış edib. F.Səttarova qeyd edib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi “Qarabağ Azərbaycandır!” şüarı xalqımızın müqəddəs Vətən torpağı uğrunda savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı olub. Azərbaycanın rəşadətli ordusunun zəfər yürüşü, düşmənin bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın qürur simvolu olan Şuşanın işğaldan tam azad edilməsi, dövlətimizin başçısının ətrafında sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda, yeni və qüdrətli Azərbaycanın dünyada özünütəsdiqi kimi qəbul edilib. Sədr Təşkilatın qarşısında yeni vəzifələrin durduğunu, zamanın tələblərinə uyğunlaşdırılması istiqamətində görüləcək məsələlərə toxunub. O, bütün veteranlara diqqət və qayğının artırıldığını, gələcək nəslin vətənpərvər ruhda yetişdirilməsində onların bilik və bacarıqlarından istifadə olunduğu qeyd edib.
Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov qurumun qarşısında ciddi vəzifələrin dayandığını deyib. O, Təşkilatın yerlərdə fəaliyyətinin gücləndirilməsinin, veteranları narahat edən problemlərin öyrənilərək müvafiq qurumların diqqətinə çatdırılmasının, beynəlxalq veteranlar təşkilatları ilə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb. Dövlətimizin başçısının müvafiq Fərmanı ilə bütün yerli icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin yaradıldığını qeyd edərək, qurumun həmin şöbələrlə əməkdaşlığının əhəmiyyətini bildirib. Rayon Veteran Təşkilatlarının sədrlərinə bu qurumlarla əlaqələrini genişləndirmələrinin vacibliyini tövsiyə edib.
Rayon Veteran Təşkilatlarının sədrləri çıxış edərək qurumun veteranların sosial-hüquqi müdafiəsinin gücləndirilməsi, gənclərin hərbi vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyəsinin təşkili və sair istiqamətlərdə gördükləri işlərin daha da yaxşılaşdırmasını vacib məsələlərdən hesab ediblər. Verilən tapşırıqların dərhal icra ediləcəyini vurğulayıblar.
Görüş iştirakçıları Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti təbliği istiqamətində səy göstərəcəklərini bildiriblər.