Xəzər dənizinin Azərbaycana aid sahil və çimərlik zonalarında mütəmadi olaraq monitorinqlər keçirilir
Bakı, 1 iyun, G.Mahmudlu, AZƏRTAC
İyunun 1-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) çimərlik mövsümü ərəfəsində Xəzər dənizinin və sahilyanı ərazilərin ekoloji vəziyyətinə həsr olunmuş mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sahil və çimərlik zonalarında mütəmadi olaraq ekoloji vəziyyətin monitorinqinin həyata keçirildiyini bildirib. Götürülmüş su və dib çöküntüləri nümunələri üzərində analitik, mikrobioloji və ekotoksikoloji təhlillər aparılır.
Nazirliyin Ətraf mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşı Mirsalam Qəmbərov Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” Sərəncamına və bu istiqamətdə qəbul olunmuş müvafiq dövlət proqramlarına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq standartlara cavab verən modul tipli çirkab sutəmizləyici qurğuların quraşdırıldığını qeyd edib. Bu, Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında, “Amburan” çimərliyində, eləcə də Novxanı və Corat bağlarının sahilboyu əraziləridir: “Xəzərin sahil zolağında aparılan monitorinqlərin nəticələrinə əsasən, həmin ərazilərdə çimərlik sahələri istifadəyə yararlıdır. Lakin Sumqayıt, Qaradağ rayonunun Sahil qəsəbəsinin “Sahil” və Səbail rayonunun “Şıx” çimərliklərində zərərli maddələrin miqdarının normadan artıq olduğu müəyyənləşib. Bu səbəbdən həmin çimərliklərdən istifadə etmək məqsədəuyğun deyil. Hazırda monitorinqlər davam etdirilir”.
M.Qəmbərov qeyd edib ki, Xəzəryanı ölkələr arasında yalnız Azərbaycanda Xəzərin çirklənməsinin qarşısının alınması ilə məşğul olan qurum var. O, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin dənizin Azərbaycana aid hissəsində çirklənmənin qarşısının alınması istiqamətində tədbirlər gördüyünü və yoxlamalar apardığını deyib.
Nazirlik nümayəndəsi çimərliklərdə və sahilyanı ərazilərdə çirklənmənin qarşısının alınması üçün maarifləndirmənin rolundan danışıb, ictimaiyyəti qaydalara əməl etməyə çağırıb.
Gigiyena və Epidemiologiya mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov çimərliklərin iyunun 15-də istifadəyə veriləcəyini və mövsümlə əlaqədar monitorinq aparıldığını söyləyib. O, monitorinqlər nəticəsində “Sahil” və “Şıx” çimərliklərində bağırsaq çöplərinə rast gəlindiyini, ümumi ölkə üzrə çimərliklərin vəziyyəti haqqında yaxın zamanlarda açıqlama veriləcəyini deyib.
Çimərlik mövsümündə hava proqnozu haqqında məlumat verən ekoloji təbliğat şöbəsinin ictimaiyyətlə əlaqələr və təbliğat sektorunun müdiri Umayra Tağıyeva bildirib ki, araşdırmalara görə, 1961-1990-cı illəri müqayisə etdikdə isti hava dalğalarının sayının xeyli artdığı görülür. Belə ki, əgər o dövrdə üç isti hava dalğası var idisə, son 25 ildə bu rəqəm 17-yə bərabərdir. Həmin tendensiya davam edəcək, xüsusilə iyul-avqust aylarında ölkə ərazisində anomal istilərin olacağı gözlənilir. Belə günlərin sayı və davamiyyəti uzunmüddətli olacaq. Havanın orta hərarəti bəzi günlərdə iqlim normasını 5-6 dərəcə keçəcək.
“Anomal istilərin insan səhhətinə təsiri ilə əlaqədar Səhiyyə Nazirliyi ilə müqayisəli təhlil apardıq. Belə ki, yayı anomal isti keçən 2006-cı ildə havanın orta temperaturunun iqlim normasına yaxın olduğu 2005-ci ilə nisbətən təcili yardım müraciətləri üzrə əlavə çağırışların sayı 24, ürək-damar xəstəlikləri üzrə isə 34 faizədək artıb”,-deyə U.Tağıyeva diqqətə çatdırıb.
Şöbə müdiri qeyd edib ki, ETSN artıq 12 ildir ki, tibbi-meteoroloji proqnozlar tərtib edərək yayımlayır. Əvvəlcədən xəbərdarlıq sistemi bu ildən təkmilləşdiriləcək və proqnozlar gündəlik olaraq əhaliyə təqdim olunacaq. Xəbərdarlıq nazirliyin rəsmi saytından əlavə, qurumun qarşısında quraşdırılacaq bannerlərdə də öz əksini tapacaq. Bannerlərdə dəniz suyunun temperaturu, küləyin istiqaməti və faktiki hava proqnozu nümayiş olunacaq.
Nazirlik rəsmisi əhaliyə xəbərdarlıq edib: “Anomal isti olan günlərdə əhalinin, xüsusilə də çimərliklərə üz tutanların saat 11:00-dan 17-18:00-dək Günəş şüaları altında qalması tövsiyə olunmur. Belə hava şəraiti ələlxüsus azyaşlıların və yaşlıların həyatı üçün təhlükəlidir”.