XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİ RUMINİYADA ANILMIŞDIR
Bakı, 26 fevral (AZƏRTAC). Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi və Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi tərəfindən Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Səfirlikdən bildirmişlər ki, səfir Eldar Həsənov Xocalı faciəsinin Azərbaycan tarixinin unudulmaz və qanlı səhifələrindən olduğunu vurğulamış, ermənilər tərəfindən törədilmiş qırğının dəhşətli nəticələrindən danışmış, soyqırımı qurbanlarının xatirəsinin dünyanın bir çox ölkələrində anıldığını bildirmişdir.
Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev, Xocalı faciəsi barədə şeir yazmış Rumıniya Müsəlman Tatar Türklərinin Demokratik Təşkilatının Buxarest üzrə sədri Kiyaseddin Uteu, keçən ilin noyabrında Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda səfərdə olmuş gənclər qrupunun rəhbəri, Buxarest şəhəri 2-ci sektorunun Gənclər Parlamentinin sədri Aleksandra Dobra, Buxarest Yazıçılar Assosiasiyasının sədri Horia Qırbea və digər ziyalılar Xocalı faciəsi ilə bağlı öz fikirlərini bildirmişlər.
Sonra tədbir iştirakçılarına İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” beynəlxalq kampaniyası haqqında məlumat verilmişdir. Kampaniya çərçivəsində həyata keçirilən Xocalı faciəsinin insanlığa qarşı törədilmiş cinayət kimi tanınmasına dair dünya liderlərinə ünvanlanacaq petisiyanın imzalanması başa çatdırılmışdır.
Tədbir iştirakçıları Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Qarabağ haqqında həqiqətlər” seriyasından olan kitabçalarla, “Xocalı soyqırımı” və rumın dilində çapdan çıxmış “Xocalı faciəsi”, “Erməni mifi. Erməni ekstremizmi: onun səbəbləri və tarixi məzmunu” və “Erməni (mənimsənilmiş) xalq nağılları” kitabları ilə tanış olmuşlar.
“Xocalı uşaqların gözü ilə” rəsm sərgisi və faciənin dəhşətlərini əks etdirən fotosərgi təşkil olunmuşdur.
Bundan əlavə, bildirilmişdir ki, Quba kütləvi məzarlığına həsr olunmuş “Qubadakı sümüklər” şeirinin müəllifi, Buxarest Yazıçılar Assosiasiyasının sədri Horia Qırbeanın nüfuzlu “Luceafarul” nəşrində Xocalı faciəsi ilə bağlı məqaləsi dərc olunmuşdur. H.Qırbeanın şəxsi internet səhifəsində Xocalı faciəsi haqqında məlumatlar və “Xocalıya ədalət” beynəlxalq kampaniyasının internet səhifəsi ilə petisiyanın imzalanmasına dair linki yerləşdirmişdir.
Səfirlik tərəfindən Xocalı faciəsi ilə bağlı hazırlanmış mətbuat məlumatı Rumıniya parlamentinə, rəsmi dövlət orqanlarına, qeyri-hökumət təşkilatlarına, bu ölkədə fəaliyyət göstərən səfirliklərə və beynəlxalq təşkilatların nümayəndəliklərinə göndərilmişdir.
Tədbir Rumıniyanın kütləvi informasiya vasitələrində geniş işıqlandırılmış, “Replika”, “Hayat”, “Zaman”, “Anayurt” və “Ultima Ora” qəzetlərində isə Xocalı faciəsinin dəhşətlərini əks etdirən fotolar, məqalələr dərc olunmuşdur.
Mərasimdə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının üzvləri, ARDNŞ-nin Rumıniya nümayəndəliyinin əməkdaşları, Rumıniyanın sabiq və hazırkı senatorları, deputatlar, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, türk-tatar icmalarının, Buxarestdə akkreditə olunmuş səfirliklərin və beynəlxalq nümayəndəliklərin, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və jurnalistlər iştirak etmişlər.