YASİR ƏRƏFAT AĞIR VƏZİYYƏTDƏ OLSA DA, HƏYATI TƏHLÜKƏDƏ DEYİL
AZƏRTAC-ın xəbər verdiyi kimi, Yasir Ərəfat bir gün əvvəl Fransaya gətirilmiş və qan xəstəliklərinin müalicəsi sahəsində dünyada aparıcı müalicə ocaqlarından sayılan Paris yaxınlığındakı Persi-de-Klamar hərbi hospitalına qoyulmuşdur. İndi o, son günlər səhhətinin sürətlə pisləşməsinin səbəbini öyrənmək məqsədi ilə təcili müayinədən keçirilir.
Hospitalın nümayəndələri Ərəfatın vəziyyəti və ya xəstəliyi barədə hər hansı məlumatı verməkdən imtina edirlər. Buna baxmayaraq, Fələstin liderinin şəxsi həkimlərinin onda mədə qripi olduğu barədə ilkin ehtimalı təsdiqlənmir.
Alınan məlumata görə, o, müstəqil yemək yeyə və ayağa qalxa bilmir. “Frans-info” radiostansiyasının xəbərinə görə, 75 yaşlı Ərəfat fiziki cəhətdən çox zəifdir. Daha bir məlumata görə, Ərəfat onda leykemiya olub-olmadığını müəyyənləşdirmək üçün müayinədən keçirilir. Mədə xərçəngi və ya Parkinson xəstəliyinin şiddətli fazasının olması da istisna edilmir. Lakin Ərəfatın bir sıra ərəb həkimlərində hələ də belə şübhə var ki, onu zəhərləmişlər. Gözlənildiyinə görə, Ərəfatın indiki xəstəliyi barədə ilk məlumat artıq bazar ertəsi verilə bilər.