CƏMİYYƏT
Bakıda dələduzluq edən şəxs saxlanılıb VİDEO
Bakı, 4 fevral, AZƏRTAC
Bakıda özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə ərizə ilə müraciət edən qadın sakin özünü polis əməkdaşı kimi təqdim edən Vüsal adlı şəxsin guya onu dövlət qurumlarından birində işə düzəldəcəyini deyərək aldatdığını və ayrı-ayrı vaxtlarda 17 min manat məbləğində pulunu aldığını qeyd edib.
Vətəndaşın etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etməkdə şübhəli bilinən paytaxt sakini Vüsal Babayev bölmə əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılıb.
Araşdırmalar zamanı V.Babayevin polis işçisi olmadığı halda özünü Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim etdiyi sübuta yetirilib. Saxlanılan şəxsin idarə etdiyi avtomobilə baxış zamanı oradan müxtəlif şəxslərin ərizələri, polis əməkdaşının geyim formaları, altı mobil telefon, danışıq kartları, o cümlədən həmin şəxsin polis geyimində olan fotoşəkili maddi sübut kimi götürülüb.
Vüsal Babayev barəsində 32-ci polis bölməsində toplanan materiallar araşdırılması üçün rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib. Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
V.Babayevin paytaxt ərazisində oxşar cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə Suraxanı Rayon Polis İdarəsi və ya şəhər telefonlarından 012-427-02-22 nömrəsi, habelə Daxili İşlər Nazirliyinin in 102 - Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.