2016-cı ilin birinci ayı nadir astronomik hadisə ilə başa çatacaq
Bakı, 25 yanvar, AZƏRTAC
2016-cı ilin birinci ayı “planetlərin paradı” deyilən nadir astronomik hadisə ilə başa çatacaq.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, 2016-cı il yanvarın 31-də baş verəcək planetlərin paradı hadisəsini adi gözlə müşahidə etmək mümkün olacaq. Həmin vaxt Ayın ölçüləri azaldığına görə onun işığı müşahidələrə mane olmayacaq. Günəş çıxana yaxın (Bakı vaxtilə saat 8:30-da) üfüqdə Günəş sisteminin beş planetini və onlara “qoşulmuş” Ayı gömək mümkün olacaq. Şimal yarımkürəsində yaşayan bütün insanlar planetlərin 2016-cı il paradına tamaşa edə bilərlər.
Alimlər astronomiya həvəskarları arasında geniş yayılmış “planetlərin paradı” anlayışını bu məlumatı dəqiqləşdirərək bildirirlər ki, əslində “planetlərin paradı” dedikdə, Günəş sisteminin bir neçə planetinin göy qübbəsinin kiçik bir sahəsində toplaşması nəzərdə tutulur.
Builki paradda yalnız beş planet “iştirak edəcək”. Yanvarın 31-də Əqrəb və Qız bürcləri boyunca beş planet düzüləcək - Yupiter, Saturn, Mars, Venera və Merkuri.
Xatırladaq ki, Yer kürəsinin sakinləri sonuncu dəfə bu hadisəni 2004-cü ilin dekabrı - 2005-ci ilin yanvarında müşahidə ediblər. 2161-ci il mayın 19-da isə Yer kürəsinin sakinləri Günəş sistemi planetlərinin hamısının iştirak edəcəyi böyük paradı görə biləcəklər.