REGİONLAR
20 Yanvar faciəsi xalqımızın iradəsini, mətinliyini göstərdi
Sumqayıt, 20 yanvar, Firuz Novruzov, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov çıxışında 20 Yanvar faciəsinin xalqımızın qan yaddaşı olduğunu vurğulayıb, cəmiyyət və dövlət tərəfindən şəhidlərin ruhuna, əziz xatirəsinə ehtiram göstərildiyini qeyd edib. Diqqətə çatdırıb ki, faciədən dərhal sonra - 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib.
YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov çıxışında xalqımızın ağır sınaqlardan ləyaqətlə çıxdığını deyib. Bildirib ki, Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsini, sarsılmazlığını, mətinliyini göstərdi.
Daha sonra çıxış edənlər 20 Yanvar hadisələrinin milli şüurun oyanışı və dövlət müstəqilliyimizin bərpası istiqamətində gedən proseslərə təsirindən danışıb.
Sonra şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksi ziyarət olunub, “Qalib əsgər” abidəsi önünə və Vətənimizin qəhrəman övladlarının məzarları üzərinə gül-çiçək düzülüb.
Sumqayıt Cümə Məscidinin axundu şəhidlərin ruhuna dua oxuyub.
Daha sonra 1990-cı ilin Yanvar hadisələri zamanı Sumqayıt-Bakı magistral yolunun 24-cü kilometrliyində, Ceyranbatan qəsəbəsi ərazisində şəhid olan elm adamlarının - İbrahim İbrahimovun, İsmayıl Mirsaqulovun və Svetlana Məmmədovanın xatirə abidəsi ziyarət edilib.
Xatırladaq ki, sovet ordusuna məxsus zirehli texnika alimlərin olduğu avtomobili Bakıdan Sumqayıtdakı iş yerlərinə gələrkən üstündən keçib. Hadisə nəticəsində avtomobildə olan 5 elm adamından 3-ü həlak olub.