QAN YADDAŞI
20 Yanvar şəhidlərinin xatirəsi Xorvatiyada yad edilib
Zaqreb, 19 yanvar, AZƏRTAC
Azərbaycanın Xorvatiyadakı səfirliyində 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç, Xorvatiya Respublikasının dövlət qurumlarının rəsmiləri, Zaqrebdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, bu ölkədə yaşayan azərbaycanlılar, həmçinin ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən səfir Anar İmanov 20 Yanvar tarixinin ölkəmizdə yalnız faciə kimi deyil, həm də Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli azadlıq istəyinin oyanışı günü olduğunu qeyd edib. Həmçinin xalqımızın istiqlal tarixində şanlı səhifə yaradan şəhidlərin xatirəsinin xalqımız, dövlətimiz tərəfindən daim əziz tutulduğunu, şəhidlərin vətən üçün tökdükləri qanın hədər getmədiyini və nəticədə ölkəmizin öz müstəqilliyinə nail olduğunu vurğulayıb. Səfir, bu təcavüz aktının xalqımızın azadlıq, demokratiya və ərazi bütövlüyü uğrunda mübarizəsini boğmaq məqsədi daşıdığını, lakin 20 Yanvar gecəsində şəhid olan Azərbaycan övladlarının misilsiz şücaəti və qəhrəmanlığı sayəsində xalqımızın milli azadlığa və müstəqilliyə gedən yolunun açıldığını bildirib.
Diplomat çıxışında 20 Yanvar faciəsindən bir gün sonra Ulu Öndər Heydər Əliyevin Moskvada Azərbaycanın Daimi nümayəndəliyinə gedərək Azərbaycan xalqına başsağlığı verdiyini, törədilən cinayətlərə görə məsuliyyətin Mixail Qorbaçov başda olmaqla Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzərinə düşdüyünü bildirib. Bu, 20 Yanvar qırğınına verilmiş ilk siyasi qiymət olub.
Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün möhkəmləndirilməsinin bundan sonra da təmin ediləcəyini vurğulayan səfir, Azərbaycan xalqına və dövlətinə qarşı müxtəlif cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin öz cəzalarını alacağına əminliyini ifadə edib.
Tədbirdə çıxış edən Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç, 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciəvi hadisələrin qurbanlarının xatirəsinin hər il ehtiramla yad edildiyini, Sovet İttifaqının son nəfəsində özünün əsl simasını bir daha göstərdiyini, 1956-cı ildə Budapeştdə, 1968-ci ildə Praqada baş vermiş hadisələrin məhz təsadüfi hadisələr olmadığını, istənilən fərqli fikrin, azadlıq və müstəqillik istəyinin sovet dövləti tərəfindən amansızlıqla boğulduğunu vurğulayıb. O, azadlıq və müstəqillik hərəkatı zamanı yüz minlərlə iştirakçının bir yerə toplandığını, bu vəziyyətin sovet rəhbərliyini ciddi şəkildə narahat etdiyini və nəticədə 1990-cı il yanvarın ortalarında SSRİ rəhbəri Mixail Qorbaçov tərəfindən Azərbaycana ordu yeritmək haqqında qərar verildiyini bildirib.
Sabiq prezident Stepan Mesiç, faciə nəticəsində xeyli sayda etirazçının həlak olduğunu və yaralandığını, öldürülən dinc sakinlər arasında uşaqların, qocaların və qadınların, o cümlədən müxtəlif etnik və dini qrupların nümayəndələrinin olduğunu, Qanlı Yanvarın Azərbaycan tarixində dönüş nöqtəsinə çevrildiyini, Azərbaycana qarşı güc tətbiq edilməsinin əks reaksiyaya səbəb olduğunu, məhz bunun nəticəsində sovet imperiyasının dağılmasının sürətləndiyini qeyd edib. Sabiq prezident, həmçinin Qanlı Yanvar qurbanlarının, eləcə də Xorvatiya və Macarıstanda, Çexiya və Latviyada canlarını fəda edənlərin xatirəsinin heç vaxt unudulmayacağını, həmişə ehtiramla yad ediləcəyini diqqətə çatdırıb.
Daha sonra tədbir iştirakçıları Qanlı Yanvar hadisələrini əks etdirən fotosərgi ilə tanış olublar.
AZƏRTAC-ın xüsusi müxbiri
Zaqreb