MƏDƏNİYYƏT
BƏSTƏKAR ZÜLFÜQAR HACIBƏYOVUN 125 İLLİK YUBİLEYİ QEYD OLUNMUŞDUR
Bakı, 17 sentyabr (AZƏRTAC). Sentyabrın 17-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin (AMMDM) təşkilatçılığı ilə Niyazinin ev-muzeyinin 15 illiyinə və Hacıbəylilər nəslinin tanınmış nümayəndələrindən biri, əməkdar incəsənət xadimi, bəstəkar Zülfüqar Hacıbəyovun anadan olmasının 125 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
AMMDM-ın direktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri açaraq, böyük sənətkarımız Niyazinin 15 il bundan əvvəl yaradılmış ev-muzeyində son illərdə keçirilmiş maraqlı tədbirlərdən söz açmışdır. Bildirmişdir ki, muzeyi ziyarət edən hər kəs burada Azərbaycanın dahi sənətkarı Niyazinin ömür yolu, sənətkarlığı ilə bağlı ətraflı məlumat əldə edə bilər.
Zülfüqar Hacıbəyovun həyat və yaradıcılığının bəzi məqamlarından danışan Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri, xalq artisti Firəngiz Əlizadə demişdir ki, bəstəkarın əsərləri sadəliyinə, aydınlığına görə başqalarından fərqlənir. 1915-ci ildə yazdığı “Aşıq Qərib” operasında musiqi folklorumuzla Avropa musiqisini əlaqələndirən bəstəkar öz librettoları əsasında yazdığı “Əlli yaşında cavan”, “Varlı”, “Evliykən subay” musiqili komediyalarında məişətimizdəki eybəcərlikləri, qadın hüquqsuzluğunu ifşa etmiş, dövrünün haqsızlıqlarını açıb göstərmişdir.
Bildirilmişdir ki, Zülfüqar Hacıbəyovun qədim məhəbbət dastanı əsasında yazdığı “Aşıq Qərib” operası zaman-zaman yeni nəsil opera müğənnilərinin yetişməsində böyük rol oynamışdır. Bu əsər uzun illərdən bəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında olmuşdur. Daim axtarışda olan Zülfüqar Hacıbəyov Niyazi ilə birgə ilk səsli Azərbaycan bədii filmlərindən olan “Almaz” filminin musiqisini yazmışdır.
Firəngiz Əlizadə muzeyə müəllifi olduğu “Şərqlə Qərbin qovuşduğu məkan” kitabını təqdim etmişdir.
Tədbirdə ulu öndər Heydər Əliyevin muzeyin açılışında iştirakını əks etdirən videosüjet və 15 illik fəaliyyətə həsr olunmuş videofilm nümayiş etdirilmişdir.
Tədbirdə Niyazinin “Rast” simfonik muğamından, Z.Hacıbəyovun “Aşıq Qərib” operasından parçalar və digər musiqi əsərləri səsləndirilmişdir.
Qeyd edək ki, 2009-cu il Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə bağlı hazırlanmış tədbirlər planına uyğun olaraq, sentyabrın 20-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Zülfüqar Hacıbəyovun 125 illik yubileyi münasibətilə “Aşıq Qərib” operasının tamaşası təqdim olunacaqdır.
######
![]() |
![]() |
![]() |