İDMAN
"Neftçi" klubunun baş məşqçisi: Sabahkı oyun bizim üçün çox vacibdir
Bakı, 20 iyul, AZƏRTAC
Sabahkı oyun bizim üçün çox vacibdir. İlk rəsmi matçımızdır. Ağır təlim-məşq toplanışı keçmişik. Ümid edirəm ki, sabah çox yaxşı oyun göstərib mərhələ adlamaq üçün böyük addım atacağıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Konfrans Liqasınım ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Kiprin "Aris" komandasının qonağı olacaq Bakının "Neftçi" klubunun baş məşqçisi Laurentsiu Regekampf matçdan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Rumıniyalı mütəxəssis bildirib ki, təlim-məşq toplanışında çox şeyi sınaqdan keçirmişik. Komanda üzvləri arasından ən yaxşı 11-liyi seçməyə çalışırıq. Elə oynamalıyıq ki, kimliyindən asılı olmayaraq rəqib bizə qol vurmaqda çətinlik çəksin. Söhbət təkcə müdafiə xəttindən yox, bütün heyətdən gedir. Komanda şəklində müdafiə olunmağı öyrənməliyik. Keçmişdə nələrin baş verdiyi önəmli deyil, önəmli olan sabah nələrin baş verəcəyidir.
“Aris” çox yaxşı heyətə malikdir. Çoxlu legioner və keyfiyyətli futbolçuları, həmçinin yaxşı məşqçiləri var. Çox aqressiv futbol oynayırlar. Uzun müddətdir birlikdədirlər. Buna görə də hansısa problemi aradan qaldırmaq onlar üçün daha da rahatdır. Sabah bizi asan oyun gözləmir. Rəqib aqressiv pressinq tətbiq etməyə çalışacaq. Fiziki cəhətdən də hazırdırlar. Bundan ehtiyat etməliyik. Üstəlik, azarkeş amili də ev sahibinin tərəfində olacaq. Buna baxmayaraq, öz komandama inanıram. Təbii ki, hər bir müsbət nəticə bizim üçün faydalı olacaq, çünki qarşıda cavab oyunu da var", - deyə baş məşqçi əlavə edib.
"Aris”ə hörmətlə yanaşdıqlarını deyən baş məşqçi bildirib: "Kiprə sərfəli nəticə qazanmağa gəldiyimizi də gizlətmirik. Mən və köməkçilərim hər gün futbolçularla çalışırıq. Bu müddət ərzində onlara futbol düşüncələrimizi çatdırmağa çalışmışıq, amma çox az vaxtımız olub. Eyni zamanda, onlarla fiziki cəhətdən də işləmək lazım gəlib. Üstəlik, bəziləri bizə gec qoşulub. Buna görə də bir az zamana ehtiyacımız var. Çox təcrübəli futbolçulara sahibik. Sabahkı oyunda onların təcrübəsi bizə lazım olacaq. Bununla belə, komanda şəklində oynamaq çox vacibdir. Hər bir epizod üçün yaxşı taktika seçməliyik. Planımız var, amma oyunun gedişində hər şey dəyişə bilər. Toplanışın son oyununda konsentrasiya əvvəlki kimi olmur. Bu müddət ərzində çatışmayan cəhətlərin üzərində işləyib problemləri aradan qaldırmağa çalışmışıq”.
Qeyd edək ki, iyulun 21-də "AEK Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.