Ağcabədidə tədbir: “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”
Ağcabədi, 9 aprel, AZƏRTAC
Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon Heydər Əliyev Mərkəzinin və Hacıbədəlli kənd uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva çıxış edərək, Ulu Öndərin mənalı ömür yolundan, müstəqil dövlət quruculuğu sahəsində misilsiz xidmətlərindən, Azərbaycan mədəniyyətinə qayğısından danışıb.
Hacıbədəlli kənd uşaq musiqi məktəbinin direktoru Məhbubə Əliyeva, Birinci Qarabağ müharibəsi iştirakçısı Valeh Nağıyev, Mərkəzin elmi işçisi Ruhin Hüseynov çıxışlarında dahi rəhbər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, mədəniyyət, ordu quruculuğu və digər sahələrdəki əvəzsiz xidmətlərindən bəhs ediblər.
Tədbirin bədii hissəsində Mərkəzin rəqs kollektivi “Xarıbülbül” rəqs nümunəsi, Hacıbədəlli kənd uşaq musiqi məktəbinin xor kollektivi isə “Ulu Öndər” mahnısı ilə tədbirə xoş ovqat qatıb.
Sonda tədbir iştirakçıları Mərkəzin foyesində nümayiş olunan “Heydər Əliyev - 100” adlı sərgi ilə tanış olublar.