Akkreditasiyadan keçən ali təhsil müəssisələrinə şəhadətnamələr təqdim edilib
Bakı, 5 fevral, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən akkreditasiyadan keçən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə və Dövlət Gömrük Komitəsinin Akademiyasına müvafiq şəhadətnamələr təqdim edilib.
TKTA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin təşkilatçılığı ilə təhsil naziri tərəfindən təsdiq edilən akkreditasiya qrafikinə uyğun olaraq hər iki ali təhsil müəssisəsinin qiymətləndirilməsi həyata keçirilib. Qiymətləndirilmənin nəticəsinə əsaslanaraq yekun hesabatlar hazırlanıb. Hesabatlar təhsil nazirinin sədrliyi ilə keçirilən Akkreditasiya Şurasının iclasında müzakirə edilib. Şuranın qərarına əsasən, qeyd olunan ali təhsil müəssisələri növbəti beş (5) il müddətinə akkreditasiya olunub.
Qeyd edək ki, akkreditasiya Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması, təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi və onun fəaliyyətinin növbəti müddətə uzadılması məqsədi daşıyır.